Avstraliyanın cənub-şərqində cari ilin yanvar və fevral aylarında ekstremal yüksək temperatur qeydə alınıb. Güclü istilər minlərlə heyvanın məhvinə səbəb olub. Yox olmaq təhlükəsi ilə üzləşənlər arasında yarasalar də var. Naraqort şəhərində onların sayı cəmi 180 fərdə düşüb. İtkilər fəlakətli miqyas alıb: anomal hava şəraiti ümumi populyasiyanın təxminən 80 faizinin məhvinə gətirib çıxarıb.
Bu barədə The Guardian nəşri məlumat yayıb.
Sağ qalan heyvanlardan 34-də susuzlaşma qeydə alınıb. Onların arasında zəif balalar da var. Bat Rescue SA könüllü təşkilatının mütəxəssislərinin qiymətləndirməsinə görə, populyasiyanın bərpası bir neçə ay vaxt aparacaq.
Oxşar vəziyyət ölkə üzrə də müşahidə edilib. Melburnun şimal-qərbində yerləşən Brimbank parkında təxminən 100 yarasa tələf olub. Viktoriya ştatının Tatura şəhərində isə beş minlik koloniyadan 700-dən çox yarasanın öldüyü qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanvarın əvvəlindən bəri burada təxminən 1700 fərd məhv olub ki, bu da region populyasiyasının təxminən 5 faizi deməkdir.
Ölümlərin əsas səbəbi istilik stressidir. +42 °C-dən yuxarı temperatur uçan tülkülər üçün ölümcül sayılır. Xüsusilə gənc və zəif fərdlər risk altındadır.
Fəlakətin miqyasına baxmayaraq, könüllülərin, baytarların və yerli hakimiyyətin birgə səyləri itkilərin qismən azaldılmasına imkan verib. Adelaida Botanika Parkında temperatur +44,7 °C-yə çatdıqda, əməkdaşlar ağaclara və yerə su çiləyiciləri quraşdırıblar. Könüllülər heyvanları sərinlətmək üçün onları su ilə çiləyiblər. Bundan əlavə, park müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.

