The Guardian nəşrinin məlumatına görə, Taylandın Çianqmay şəhərində yerləşən “Pələnglər Krallığı” zooparkında 72 pələng ölüb. İlkin ehtimallara əsasən, heyvanlar yüksək yoluxucu virus səbəbindən tələf olublar.
Xəstəliyin ilk əlamətləri fevralın 8-də aşkarlanıb. Məlumata görə, baytarların səylərinə baxmayaraq, yoluxmuş heyvanları xilas etmək mümkün olmayıb. Zoopark hazırda bağlanıb, əməkdaşlar və yerli hakimiyyət orqanları dezinfeksiya işləri aparır və infeksiyanın yayılmasının qarşısını almağa çalışırlar.
Heyvanların ölüm səbəbi hələ dəqiq müəyyənləşdirilməyib. Baytarlar və kənd təsərrüfatı nazirliyinin nümayəndələri iki ehtimalı nəzərdən keçirirlər: ikinci dərəcəli ağırlaşma kimi mikoplazmozla müşayiət olunan yırtıcılar vəbası və ya panleykopeniya – yəni pişik vəbası.

