Səhər saatlarında Bakının Nizami rayonunda, Elşən Süleymanov küçəsində yerləşən gül mağazasında partlayış baş verib. Hadisə dərhal Fövqəladə Hallar Nazirliyinə bildirilib və əraziyə Dövlət Yanğından Mühafizə ilə Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada partlayış yanğınla müşayiət olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər obyektlərə və mənzillərə keçməsinin qarşısı qısa müddətdə alınıb. Ümumi sahəsi 38 kvadratmetr olan mağazanın yanar konstruksiyaları zərər görüb, lakin bina və ətraf obyektlər qorunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

