Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilində partlayışın görüntüləri yayılıb.
Denmedia.az xəbər verir ki, avtomobilin partlaması anı binanın təhlükəsizlik kamerasına düşüb.
Hadisəyə gəlincə isə bəzi təfərrüatlar məlum olub. Belə ki, səhər saatlarında sürücü 31 yaşlı Rəşad Məmmədov avtomobili işə salmaq istəyən zaman salonda əvvəlcədən toplanmış qaz yığını partlayıb. Partlayışdan sonra yanğın hadisəsi qeydə alınmasa da, sürücü bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları, Daxili İşlər Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Şahidlərin sözlərinə görə, partlayışın səsi ətrafdakı binalarda da eşidilib. Hadisədən təşvişə düşən sakinlər dərhal əraziyə axışıb.
TƏBİB-dən bildirilib ki, məlumat daxil olan kimi, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1995-ci il təvəllüdlü şəxs (kişi) üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına qəbul edilib. Üzün, boynun, hər iki saidin, əllərin arxa səthinin II dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ixtisaslı xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

