Laosda xəzinə axtarmaq üçün girdikləri mağarada mayın 20-dən bəri köməksiz vəziyyətdə qalan 7 nəfərdən 5-i sağ xilas edilib.
Hadisə Laosun Xaysombun əyalətinin Long Çaenq bölgəsində baş verib. Laoslu və taylandlı xilasedicilərin birgə keçirdiyi əməliyyat nəticəsində mağarada qalan şəxslərə çatmaq mümkün olub.
Xilasedicilərin yaydığı görüntülərdə sağ tapılan şəxslərin mağaranın içində qayalıq ərazidə gözlədiyi görünür. Onlara ilk olaraq qida və ilkin tibbi yardım göstərilib.

Məlumata görə, xilasedicilər günlərdir mağaradakı suyun səviyyəsini azaltmaq üçün yüksək güclü nasoslardan istifadə edib, dar keçidlərdə isə təhlükəsizlik ipləri ilə irəliləyiblər.
Hazırda mağarada itkin düşən daha 2 nəfərin axtarışları davam etdirilir. Bölgədə yağan leysan yağışlar və su ilə dolan dar keçidlər əməliyyatı çətinləşdirir.
Qeyd edək ki, mayın 20-də qızıl axtarmaq və ov etmək məqsədilə mağaraya girən 8 nəfər qəfil sel suları ilə üzləşib. Onlardan biri üzərək mağaradan çıxmağı bacarıb, digər 7 nəfər isə içəridə qalıb.

Xilasetmə əməliyyatına Tailanddan 24 nəfərlik peşəkar mağara dalğıcları da cəlb olunub. Onların arasında 2018-ci ildə Tailandda 12 uşağın xilas edildiyi məşhur “Tham Luang mağarası” əməliyyatında iştirak edən dalğıclar da olub.

