ABŞ-da çimərlikdə tapılan insan ayağının itkin düşmüş şəxsə aid olduğu müəyyən edilib. Bu barədə New York Post məlumat yayıb.
Qalıqlar 2022-ci ilin iyununda Kaliforniya ştatının Salmon Creek çimərliyində aşkar edilib. Dəniz qabıqları axtaran bir ailə qumdan çıxan uzun sümüyə rast gəlib. Sümüyə hələ də endoprotezlərin bərkidildiyi qeyd olunur.
Tapıntı təxminən 4 il ərzində müəyyən edilə bilməyib. Daha sonra yerli polis istintaqa kriminal geneologiya üzrə ixtisaslaşan DNA Doe Project təşkilatını cəlb edib.
2026-cı ilin martında ekspertlər qalıqların 59 yaşlı Walter Karl Kinneyyə məxsus olduğunu müəyyən ediblər. O, 1999-cu ilin avqustunda itkin düşmüş sabiq bankir olub və Santa Rosa şəhərində yaşayırdı.
Məlumata görə, bu, Kinney ilə bağlı ikinci belə tapıntıdır. 1999-cu ildə, onun itkin düşməsindən qısa müddət sonra yaxınlıqdakı başqa çimərlikdə onun digər ayağı ortopedik altlıqlı ayaqqabı ilə birlikdə tapılmışdı.
Şəxsiyyəti 2003-cü ildə qızının təqdim etdiyi rentgen görüntüləri əsasında təsdiqlənmişdi.
Hadisənin necə baş verdiyi isə hələ də məlum deyil.

