Yəmənin cənubundakı Əd-Dali əyalətində xilasedicilər “Hörümçək adam” ləqəbi ilə tanınan alpinist Antar əl-Absinin meyitini tapıblar.
Bu barədə Yemen Online nəşri Yəmənin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, alpinist Damt vulkanının kraterinə düşüb. Kraterin kükürdlü su ilə dolu olduğu qeyd olunur.
Mülki Müdafiə Xidmətinin məlumatına görə, alpinistin meyiti onun yoxa çıxmasından dərhal sonra başlanılan axtarış-xilasetmə əməliyyatı nəticəsində yatmış vulkanın daxilindəki isti sulardan çıxarılıb.
Antar əl-Absi sosial şəbəkələrdə təhlükəli qayalara avadanlıqsız, sığortasız və hətta ayaqqabısız dırmandığı videolarla tanınıb. Buna görə ona “Hörümçək adam” ləqəbi verilib.
Hadisə zamanı onun qayadan yıxılaraq vulkan kraterinə düşdüyü bildirilir.

