Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində iki nəfərin çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Hadisə yerlərinə Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Keçirilən operativ xilasetmə tədbirləri nəticəsində iki nəfər xilas edilib.
Nardaran qəsəbəsində sahildən təxminən iki kilometr məsafədə batma təhlükəsi yaşayan 29 yaşlı Cəfər Fikrət oğlu Əlizadə dənizdən çıxarılıb.
Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində isə ən yaxın xilasetmə məntəqəsindən təxminən 300 metr aralıda batma təhlükəsi ilə üzləşən 30 yaşlı Ceyhun Hüseyn oğlu Quliyev xilas olunub.
Hər iki şəxs təhlükəsiz şəkildə sahilə çıxarılıb.

