Tailandda Nijni Novqoroddan olan 19 yaşlı tələbə qız itkin düşüb.
Mash Telegram kanalının məlumatına görə, geodeziya fakültəsinin ikinci kursunda oxuyan tələbə yoxa çıxmazdan əvvəl bütün yığdığı pulları götürüb və yaxınlarına onu axtarmamalarını yazıb.
Məlumata əsasən, qız maliyyə məsələlərində qənaətcil olub, cib xərclərini əyləncəyə sərf etmək əvəzinə yığım hesabında saxlayıb.
Yoxa çıxmazdan bir müddət əvvəl o, qardaşına 350 min rubl borc verib. Lakin mayın ortalarında həmin pulu geri istəyib, əlində olan bütün vəsaiti toplayaraq evdən gedib.
Bir neçə gün sonra anasına yazaraq “arzusunun dalınca getdiyini” bildirib və onu axtarmamağı xahiş edib.
Valideynləri isə bu xahişə məhəl qoymayaraq polisə müraciət ediblər. İstintaq orqanları cinayət işi açmaqdan imtina etsə də, ailə qızın hərəkət marşrutu barədə məlumat əldə edə bilib.
Məlum olub ki, tələbə 19 mayda Çinə uçub, 21 mayda isə Tailanda yola düşüb.
Qohumları onun oğurlanmış ola biləcəyindən şübhələnirlər. Ailəsinin sözlərinə görə, qız əlaçı olub, heç kimlə münaqişə yaşamayıb və qardaşına çox bağlı olub.

