Mərkəzi Afrika Respublikasının Kamerunla sərhədə yaxın Zamboye kəndi ərazisində nəzarətsiz şəkildə, ənənəvi üsullarla işlədilən qızıl mədənində ağır faciə baş verib.
Mədəndə iş aparıldığı vaxt hələlik müəyyən edilməyən səbəbdən nəhəng torpaq sürüşməsi baş verib.
Hadisə zamanı ərazidə olan şəxslərdən birinin mobil telefonla çəkdiyi görüntülərdə böyük torpaq kütlələrinin sürüşərək mədəndə çalışan onlarla insanı altında qoyduğu əks olunub.
Axtarış-xilasetmə işləri davam edir
Hadisədən sonra yerli sakinlər və axtarış-xilasetmə qrupları torpaq altında qalan mədənçilərin tapılması üçün işlərə başlayıblar.
Aparılan əməliyyatlar nəticəsində indiyədək 107 işçinin meyiti torpaq altından çıxarılıb.
Dağıntılar altında hələ də çox sayda mədənçinin olduğu ehtimal edilir. Axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Hökumətdən açıqlama
Mərkəzi Afrika Respublikası hökumətinin sözçüsü Evariste Ngamana həyatını itirən mədənçilərin ailələrinə başsağlığı verib.
Ngamana dövlətin faciədən zərər çəkən vətəndaşlara yardım göstərmək üçün bütün imkanlarını səfərbər etdiyini və işlərin davam etdiyini bildirib.
Məlumata görə, ölkədə təhlükəsizlik tədbirlərinin yetərli olmadığı, nəzarətsiz və primitiv şəraitdə fəaliyyət göstərən qızıl mədənlərində ölümlə nəticələnən çökmələr tez-tez baş verir.

