Xırdalan şəhərində 39 yaşlı qadın ailə münaqişəsi zamanı qayınanasına xəsarət yetirib.
Denmedia.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Zərdabi küçəsində baş verib.
İş materiallarına əsasən, Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Ülviyyə qayınanası Zəhra ilə birgə yaşayış məsələsinə görə mübahisə edib. Bildirilir ki, qayınana gəlinlə eyni evdə yaşamaq istəməyib.
Mübahisə zamanı Ülviyyə qayınanasının üz, qol və digər nahiyələrinə əl və yumruq zərbələri vurub.
Hadisə ilə bağlı qadına Cinayət Məcəlləsinin 128-ci maddəsi – qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı irəli sürülüb.
Məhkəmədə Ülviyyə təqsirini etiraf edib. O bildirib ki, həyat yoldaşı Fazillə 2008-ci ildən birlikdə yaşayır, rəsmi nikahlarını isə 2026-cı ilin mayında qeydə alıblar. Cütlüyün bir ortaq övladı var. Bundan başqa, kişinin əvvəlki nikahından olan iki uşağı da onlarla birlikdə yaşayır.
Ülviyyənin sözlərinə görə, birgə yaşayış məsələsi səbəbindən qayınanası ilə əvvəllər də mübahisələri olub. Hadisə günü yaranan növbəti mübahisəyə evdə olan qayınatası müdaxilə edərək son qoyub.
Məhkəmə araşdırması zamanı tərəflər barışıblar. Zərərçəkən qadın gəlinini bağışladığını və ona qarşı hər hansı tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

