Bakının Sabunçu rayonunda mənzildə bağlı qalan iki azyaşlı uşaq Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlı uşağın mənzildə bağlı qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı məlum olub ki, uşaqlar qapının döyülməsinə və telefon zənglərinə cavab vermirlər.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olublar.
Mənzildə 2018 və 2019-cu il təvəllüdlü iki azyaşlı uşaq yatmış vəziyyətdə aşkarlanıb.
Uşaqlar xilasedicilər tərəfindən yaxınlarına təhvil verilib.

