Bakıda toy mərasimində salamlaşmayan qonşular arasında yaranan mübahisə dava ilə nəticələnib. 42 yaşlı kişi ona salam verməyən qonşusunu döyərək burnunu sındırıb.
Denmedia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “İnci” şadlıq sarayının yaxınlığında baş verib.
Məlumata görə, 42 yaşlı Əhməd Nəcəfov (ad və soyad şərtidir) qonşusu Səlimlə eyni toy mərasimində iştirak edib. Toy zamanı Səlimin onunla salamlaşmaması Əhmədin narazılığına səbəb olub.
Mərasim başa çatdıqdan sonra şadlıq sarayının qarşısında qonşular arasında mübahisə yaranıb. Mübahisə zamanı Əhməd əvvəlcə başı ilə qonşusuna zərbə endirib, daha sonra onu bir neçə dəfə yumruqla vurub.
Nəticədə Səlimin burnu sınıb və o, müxtəlif bədən xəsarətləri alıb.
Hadisədən sonra Əhməd Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Səlim də qonşusundan artıq heç bir şikayətinin olmadığını qeyd edib.
Məhkəmənin hökmü ilə Əhməd Nəcəfov 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ona elektron qolbaq taxılması, saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməməsi, habelə cəza müddətində Bakı, Abşeron və Sumqayıt ərazilərindən kənara çıxmaması barədə məhdudiyyətlər tətbiq olunub.

