Sumqayıtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücülərinə qarşı keçirilən polis əməliyyatı zamanı 22 nəfər saxlanılıb.
Onlardan ikisinin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhərin müxtəlif ərazilərində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı təhlükəli manevrlər edən, yol hərəkəti qaydalarını pozan və normadan artıq səs-küy yaradan motosiklet sürücüləri yoxlanılıb.
Araşdırmalar nəticəsində narkotik vasitənin təsiri altında motosiklet idarə edən iki sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.
Saxlanılan digər 20 nəfərin isə sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdiyi müəyyənləşdirilib. Onlar barəsində qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb.
DİN-dən bildirilib ki, Sumqayıtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması məqsədilə polis nəzarəti davam etdiriləcək.
Motosiklet sürücülərinə yol hərəkəti qaydalarına ciddi riayət etmək, təhlükəli manevrlərdən və ətrafdakıların rahatlığını pozan hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edilib.

