Bakıda ucuz qiymətə “iPhone” satışı adı altında 70-dən artıq vətəndaşı aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, sosial şəbəkələrdə mobil telefonların satışı ilə bağlı saxta elanlar yerləşdirilərək vətəndaşların pullarının ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs “TikTok” platformasında “mobil_ordubadd” adlı saxta səhifə yaradaraq digər mağazalara məxsus mobil telefonların foto və videogörüntülərini paylaşıb.

O, smartfonları ucuz qiymətə, o cümlədən faizsiz və güzəştli kredit şərtləri ilə satacağını vəd edərək alıcıları aldadıb. Vətəndaşlar telefon almaq məqsədilə pullarını onun bank kartlarına köçürüblər.
Paytaxtın Nəsimi rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Nihad Qurbanov saxlanılıb.
İlkin məlumatlara əsasən, onun əməllərindən zərər çəkənlərin sayı 70 nəfərdən çoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.

