Türkiyənin Malatya vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Hadisə noyabrın 12-də yerli vaxtla saat 18:40 radələrində Malatyanın Yeşilyurt rayonunun Samanköy məhəlləsində baş verib.
Məlumata görə, Türkiyə Quru Qoşunlarının 2-ci Aviasiya Alayına məxsus S-70 (“Sikorsky”) tipli hərbi helikopter xidməti uçuş zamanı hələlik müəyyən edilməyən səbəbdən Samanköy konteyner şəhərciyinin yaxınlığında yerə çırpılıb.
Qəzadan sonra ərazidə yanğın başlayıb. Alov yaxınlıqdakı yaşayış evinə də keçib. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb edilib. Təhlükəsizlik məqsədilə əraziyə giriş məhdudlaşdırılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi ilkin açıqlamasında helikopterin qalıqlarının aşkarlandığını və axtarış-xilasetmə işlərinə başlanıldığını bildirib.
Daha sonra nazirlik helikopterdə olan 4 hərbçinin hamısının həlak olduğunu təsdiqləyib.

Həlak olan hərbçilərin şəxsiyyətləri də açıqlanıb. Onlar pilot mayorlar Erdem Çimen və Orhun Pınar, helikopter texniki, baş gizir Hüseyin Zehir və helikopter texniki, gizir Serkan Önderdir.
Nazirlik həlak olan hərbçilərin ailələrinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarətə götürülərək söndürülüb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı Malatya Respublika Baş Prokurorluğu tərəfindən istintaqa başlanılıb.

