ABŞ-nin müdafiə naziri Pit Heqset onu və komandasını xəbərdar edən hərbçini medalla təltif edib.
Hadisə noyabrın 11-də Veteranlar Günü münasibətilə Arlinqton Milli Qəbiristanlığındakı Naməlum Əsgər Abidəsinin ziyarəti zamanı baş verib.
Heqset həyat yoldaşı və müşavirləri ilə birlikdə abidənin qarşısında şəkil çəkdirərkən qrup üzvləri arasında gülüş və söhbət səsləri eşidilib.
Abidənin keşiyini çəkən 3-cü Piyada Alayının hərbçisi Tomas İqlesias isə onlara səssizlik və hörmət qaydalarını xatırladıb.
“Bütün ziyarətçilər hər zaman sakitliyi və hörmət mühitini qorumalıdırlar”, – deyə hərbçi xəbərdarlıq edib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Pentaqon İqlesiasın vəzifəsini düzgün və hörmət çərçivəsində yerinə yetirdiyini açıqlayıb.
Noyabrın 12-də Heqset hərbçini və onun xidmət etdiyi bölmənin digər üzvlərini Pentaqonda qəbul edib.
Nazir onu xəbərdar edən Tomas İqlesiası “Birgə Xidmətlərə görə Təqdir Medalı” (Joint Service Commendation Medal) ilə təltif edib.
Heqset təltifetmə mərasimindən fotoları sosial şəbəkə hesabında paylaşaraq yazıb:
“Biz əsgərləri sevirik. Qaydaları sevirik. Əhsən, əsgər! Yoluna davam et, vətənpərvər!”
Pentaqon rəsmiləri İqlesiasın noyabrın 11-də Naməlum Əsgər Abidəsində xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə mükafatlandırıldığını bildiriblər.

