Honkonqda çoxmərtəbəli yaşayış kompleksində baş verən güclü yanğında azı 12 nəfər həlak olub, South China Morning Post (SCMP) yazır. Yaralananların sayı ən azı 16 nəfərdir, onların vəziyyəti ağır qiymətləndirilir. Bu, Honkonqdason 17 ildə qeydə alınan ən yüksək təhlükə səviyyəli ilk yanğındır.
SCMP-nin məlumatında deyilir:
«Yanğın nəticəsində on iki nəfər, o cümlədən bir yanğınsöndürən həyatını itirib, ən azı 16 sakin ağır xəsarət alıb».
Hadisə Wang Fuk Court yaşayış kompleksində baş verib. Kompleksin ərazisində 9 bina var və orada təxminən 4 min nəfər yaşayır. Yanğın əvvəlcə bir binada başlayıb, daha sonra alov binaların ətrafındakı bambuk konstruksiyalara yayılıb.
Fövqəladə xidmətlər iki binadakı sakinləri təxliyə edə bilib, lakin xeyli sayda insanın hələ də içəridə bloklanmış vəziyyətdə qaldığı bildirilir.

