Rusiyanın Kabardin-Balkar Respublikasından keçən qatarda məhbusun konvoy əməkdaşlarına silahlı hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Hücumu törədən şəxs cavab atəşi ilə öldürülüb.
RBC nəşri hüquq-mühafizə orqanlarındakı iki mənbəyə istinadən xəbər verir ki, hadisə məhbusun tualetə aparıldığı zaman baş verib.
Məlumata görə, məhbus onu müşayiət edən Rusiya Federal Penitensiar Xidmətinin (FSİN) əməkdaşına hücum edərək silahını ələ keçirib və atəş açıb. Nəticədə bir konvoy əməkdaşı həyatını itirib, köməyə gələn daha üç nəfər isə yaralanıb.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı odlu silahın ələ keçirilməsi, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin pozulması və hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddələri üzrə cinayət işi açıb.
Hadisədən sonra bəzi media qurumlarında qatarda bir neçə məhbusun qiyam qaldırdığı, silahları ələ keçirərək vaqonda barrikada qurduğu barədə məlumatlar yayılıb.
Lakin Rusiya Federal Penitensiar Xidməti bu məlumatları təkzib edərək kütləvi qiyam baş vermədiyini bildirib.
Qurumun məlumatına görə, hadisə bir məhbusun silahlı hücumu ilə bağlı olub.

