2026-cı il üçün hazırlıq planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təsdiq edilmiş plana əsasən, 15 fevral tarixində Azərbaycan Ordusunda çağırışçıların hərbi andiçmə mərasimləri keçirilib.
Hərbi orkestrin müşayiəti ilə döyüş bayraqları təntənəli şəkildə meydana çıxarılıb, bundan sonra mərasimlər açıq elan edilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çağırışçılar təntənəli şəkildə Hərbi And içərək Vətənə sadiq qalacaqlarına and içiblər.

Mərasimlərdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çağırışçıları əlamətdar gün münasibətilə təbrik edib, onları Vətənə, dövlətə, Ali Baş Komandana və Hərbi Anda sadiq olmağa, nümunəvi xidmət göstərməyə, silah və texnikanın sirlərini dərindən mənimsəməyə, döyüş hazırlığı səviyyəsini daim yüksəltməyə, komandanlıq heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirməyə və istənilən an torpaqlarımızı müdafiə etməyə hazır olmağa çağırıblar.

Çağırışçıların valideynləri isə övladlarının Vətənə şərəflə xidmət etməsindən qürur duyduqlarını bildirərək dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür ediblər.
Sonda hərbi qulluqçular tribunalar önündən təntənəli keçid ediblər.

