Kaspi Liseyi tərəfindən 5–15 yaş aralığında olan uşaqlar üçün təşkil edilən, diqqət və məntiqi təfəkkürün inkişafına yönəlmiş üç mərhələli məntiq yarışması uğurla başa çatıb.
Denmedia.az xəbər verie ki, yarışmanın yekun nəticələrinə əsasən, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Çobanov Ayxan Rabil oğlu öz yaş qrupu üzrə yüksək nəticə göstərərək fəxri 1-ci yerə layiq görülüb.
Kiçik yaşlarına baxmayaraq analitik düşünmə, diqqət və məntiqi yanaşma bacarığı ilə seçilən Ayxan yarışmanın bütün mərhələlərində stabil və inamlı çıxışı ilə münsiflərin diqqətini cəlb edib. Onun bu uğuru yalnız fərdi nailiyyət deyil, eyni zamanda region məktəblərində təhsilin keyfiyyətinin və şagird potensialının göstəricisi kimi dəyərləndirilir.
Qələbə Ayxanın təhsil aldığı məktəb kollektivi və valideynləri tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Mütəxəssislərin fikrincə, bu cür erkən yaş uğurları şagirdin gələcək akademik inkişafı üçün möhkəm təməl yaradır və onun intellektual potensialının daha da üzə çıxmasına stimul verir.
Kaspi Liseyinin təşkil etdiyi bu tip yarışmalar uşaqlarda məntiqi düşüncənin formalaşmasına, sağlam rəqabət mühitinin yaradılmasına və istedadların erkən aşkarlanmasına mühüm töhfə verir.


