İranın qadın futbol yığmasının daha üç üzvü — iki futbolçu və bir məşqçi heyəti üzvü əvvəllər qaçqın kimi Avstraliya vizası aldıqları halda, vətənə qayıtmaq qərarı veriblər. Bu barədə Associated Press Avstraliya hökumətinə istinadən məlumat yayıb.
“Tasnim” agentliyi dəqiqləşdirib ki, söhbət iki futbolçu və komandanın bir əməkdaşından gedir.
Avstraliyanın daxili işlər naziri Tony Burke bildirib ki, idmançılara digər variantları müzakirə etmək üçün dəfələrlə təklif olunub.
Qeyd olunur ki, İranın qadın futbol yığması ötən ay ABŞ və İsrailin hərbi əməliyyatları başlamazdan əvvəl Asiya Kubokunda iştirak etmək üçün Avstraliyaya gəlib.
İlkin mərhələdə altı futbolçu və texniki heyətdən bir nəfərə Avstraliyada qalmaq üçün humanitar viza verilib. Komandanın qalan üzvləri isə 9 mart tarixində Sidneydən Malayziyaya uçublar.
Daha sonra humanitar viza alan şəxslərdən biri də qərarını dəyişərək Avstraliyanı tərk edib.
Komanda hazırda Malayziyanın Kuala-Lumpur şəhərində qalır.

