Keniyalı boksçu Ceykob Oyoko 28 mart tarixində döyüş zamanı baş verən insidentdən sonra xəstəxanada vəfat edib. Bu barədə Keniya Peşəkar Boks Komissiyası (KPBC) məlumat yayıb.
Hadisə Kakameqa dairəsində, superyüngül çəki dərəcəsində baş tutan döyüş zamanı baş verib. Oyoko burada Culius Okuruçi ilə qarşılaşıb. Bu barədə Kenyans portalı xəbər verib.
Məlumata görə, 38 yaşlı boksçunun ölümündən əvvəl sosial şəbəkələrdə yayılan videoda onun ayaq üstə çətin dayandığı, zərbələrdən yayınmadığı və rəqibinin hücumlarının çoxunu buraxdığı görünür. Hakim döyüşü artıq 2-ci raundda dayandırıb.
KPBC bildirib ki, rinqdə idmançıya təcili tibbi baxış keçirilib və ona ilkin yardım göstərilib. Boksçuya ürək-ağciyər reanimasiyası edilib, oksigen verilib və dərhal xəstəxanaya çatdırılıb.
Komissiya həmçinin qeyd edib ki, idmançının ölümünə səbəb olan halları araşdırmaq üçün müstəqil komitə yaradılıb. KPBC əlavə edib ki, araşdırmanın nəticələrinə əsasən mövcud boks qaydalarının yenidən nəzərdən keçirilməsi mümkündür.

