Futbol üzrə dünya çempionatında A qrupunun ikinci turu çərçivəsində Meksika millisi Cənubi Koreya yığması ilə qarşılaşıb.
Cənubi Koreya millisinin heyətində Son Hın Min, Kim Min Ce və Li Kan İn kimi tanınmış futbolçular yer alıb. Son Hın Min hazırda “Los-Anceles” klubunda çıxış edir, daha əvvəl isə “Tottenhem”in formasını geyinib. Kim Min Ce “Bavariya”, Li Kan İn isə PSJ futbolçusudur.
Meksika millisi isə bu görüşdə kapitanı Sesar Montesin xidmətindən istifadə edə bilməyib. Moskva “Lokomotiv”inin müdafiəçisi əvvəlki turda Cənubi Afrika yığmasına qarşı oyunda qırmızı vərəqə aldığı üçün Cənubi Koreya ilə matçı buraxıb.
Bu qarşılaşma hər iki komanda üçün A qrupunda mövqeyini möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyıb.

