Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi zorlama və digər cinayətlər üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə The Guardian və Euronews məlumat yayıb.
Məlumata görə, Oslo məhkəməsi 29 yaşlı Heybini ona qarşı irəli sürülən ittihamların bir hissəsi üzrə təqsirli bilib. İş üzrə ümumilikdə 40 ittiham irəli sürülüb, məhkəmə isə onların 34-ü üzrə hökm çıxarıb.
Heybi iki zorlama epizodu, məişət zorakılığı, təhdid, zorakılıq, narkotiklərlə bağlı hüquq pozuntuları və digər əməllər üzrə təqsirli sayılıb. Bununla yanaşı, o, iki digər zorlama ittihamı üzrə bəraət alıb.
Məhkəmə materiallarına görə, hadisələrdən biri Norveçin vəliəhd şahzadəsi Haakonun yaşadığı Skaugum kral malikanəsində baş verib. Medianın yazdığına görə, iş üzrə razılıq olmadan çəkilmiş görüntülər də sübutlar arasında yer alıb.
Marius Borq Heybi Norveç kral ailəsinin rəsmi üzvü sayılmır və taxt-tac varisləri sırasında deyil. O, vəliəhd şahzadə Mette-Maritin əvvəlki münasibətindən olan oğludur.
Heybi məhkəmə prosesində ən ağır ittihamları rədd edib, lakin bəzi daha yüngül hüquq pozuntularını qəbul edib. Onun vəkillərinin hökmə qarşı apellyasiya şikayəti verəcəyi bildirilir.
Norveç kral sarayı hökmü şərh etməkdən imtina edib.

