Puerto-Rikolu keçmiş məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat edib.
Bu barədə onun atası və məşqçisi Riçard Kolon sosial şəbəkə hesabında məlumat verib.
“Təəssüflə bildirirəm ki, oğlum Priçard bu dünyadan köçdü. İndi o, daha yaxşı yerdədir”, – deyə o yazıb.
Kolon peşəkar karyerasını 2015-ci ilin oktyabrında amerikalı Terrel Uilyamsla döyüşdə aldığı ağır zədədən sonra başa vurmuşdu. Qarşılaşma zamanı rəqibin bir neçə dəfə onun başının arxa hissəsinə qadağan olunmuş zərbələr endirdiyi bildirilir.
Döyüşdən sonra Kolona subdural hematoma diaqnozu qoyulub və təcili əməliyyat keçirilib. O, əməliyyatdan sonra 221 gün komada qalıb və ömrünün sonunadək zədənin fəsadlarından bərpa prosesi keçib.
Zədədən əvvəl Priçard Kolon 16 peşəkar döyüşün heç birində məğlub olmamış, 13 qələbəsini nokautla qazanmışdı.

