Kommersiya banklarında kredit faiz dərəcələrinin artımı qeydə alınıb.
Xəzər TV-nin məlumatına görə, ötən il banklarda kreditlər illik 11–17% aralığında təqdim olunurdusa, hazırda şərt və meyarlardan asılı olaraq faizlər 18%-dən başlayır.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərinin yüksəlməsinin əsas səbəbi Azərbaycan Mərkəzi Bankının sərt pul-kredit siyasətidir. O qeyd edib ki, bu şəraitdə banklar əhalidən vəsait cəlb etmək üçün depozit faizlərini artırmağa məcbur qalır, nəticədə bankların maliyyə resursları bahalaşır.
İqtisadçının izahına əsasən, banklar kreditləri daha bahalı cəlb olunmuş vəsaitlər hesabına verdikləri üçün bu, birbaşa olaraq kredit faizlərinin artımında əksini tapır.
Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bank faiz dərəcələrinin azaldılmasına tələsmir, çünki inflyasiya riskləri hələ tam aradan qalxmış sayılmır. Bu səbəbdən yaxın perspektivdə kredit faizlərində ciddi azalma gözlənilmir.
Onun fikrincə, hazırda təxminən üç il əvvəl başlanan sərtləşdirici pul-kredit tədbirlərinin nəticələri tam şəkildə hiss olunur. Bu da göstərir ki, belə siyasətin iqtisadiyyata təsiri müəyyən zaman gecikməsi ilə özünü büruzə verir.
Ətraflı məlumat videomaterialda təqdim olunub.

