ABŞ prezidenti Donald Trump bildirib ki, Hindistanın baş naziri Narendra Modi onunla söhbətində Rusiyadan neft idxalını dayandırmağa söz verib.
Trampın sözlərinə görə, Modi eyni zamanda ABŞ-dan, eləcə də mümkün halda Venesueladan neft alışını ciddi şəkildə artırmağa razılaşıb. ABŞ prezidenti bu razılaşmanın Ukrayna münaqişəsinin başa çatmasına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
“Hindistanla möhtəşəm münasibətlərimiz gələcəkdə daha da möhkəmlənəcək. Mən və baş nazir Modi nəticə üçün işləyən iki liderik – bunu hər kəs deyə bilməz”, — deyə Tramp qeyd edib.
Bundan əlavə, tərəflər yeni ticarət sazişi barədə razılığa gəliblər. Sazişə əsasən, ABŞ Hindistandan idxal olunan məhsullara tətbiq etdiyi tarifləri 25 faizdən 18 faizə endirəcək. Hindistan isə ABŞ məhsullarına qarşı gömrük rüsumlarını tamamilə ləğv edəcək.
Trampın açıqlamasına görə, Hindistan ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və digər sahələr üzrə məhsulları 500 milyard dollardan çox məbləğdə alacaq.

