Abşeron Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda görülən işlər, mövcud potensialın daha səmərəli istifadəsi, sahibkar və fermerlərin qarşılaşdıqları məsələlər və qarşıda duran hədəflərlə bağlı görüş keçirilib.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, Dövlət Proqramının icrası ilə bağlı RİH başçısı yanında yaradılmış Qərargahın üzvləri, fərdi sahibkarlar və fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Abşeron rayonu əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı təyinatlı geniş torpaq sahələri, formalaşmış sahibkarlıq mühiti və iri aqrar təsərrüfatları ilə ölkənin kənd təsərrüfatı sektorunda mühüm mövqeyə malikdir.
Abdin Fərzəliyev rayonda kənd təsərrüfatının əsas istiqamətlərinin heyvandarlıq, xüsusilə qoyunçuluq və maldarlıq, tərəvəzçilik, zeytunçuluq və badamçılıq olduğunu diqqətə çatdırıb. O, Abşeronda çoxillik əkinlərin, xüsusilə zeytun və badam bağlarının genişləndirilməsi, müasir aqrotexnologiyaların tətbiqi və istehsal imkanlarının artırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini vurğulayıb.
RİH başçısı bildirib ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların emalı, saxlanılması və bazara çıxarılması imkanlarının genişləndirilməsi də qarşıda duran əsas məsələlərdəndir. Qeyd edilib ki, sahibkar və fermerlərin fəaliyyətinin dəstəklənməsi, onların mövcud dövlət mexanizmlərindən düzgün və səmərəli istifadə etməsi, təsərrüfatların inkişafına mane olan məsələlərin aidiyyəti qurumlarla birlikdə operativ şəkildə həllinin diqqətdə saxlanılması vacibdir.
Abdin Fərzəliyev ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, həyata keçirilən dövlət proqramları və layihələri aqrar sahədə fəaliyyət göstərən sahibkar və fermerlərin imkanlarının genişləndirilməsinə, müasir təsərrüfatçılıq üsullarının tətbiqinə və istehsal potensialının daha dolğun reallaşdırılmasına şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov çıxışında kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, 2026–2030-cu illər üçün Dövlət Proqramının aqrar sahənin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, istehsal və emal imkanlarının artırılması, kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi və regionların potensialından daha dolğun istifadə olunması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, sözügedən Dövlət Proqramının icrası ilə bağlı RİH başçısı yanında Qərargah yaradılıb və onun vasitəsi ilə qaldırılan məsələlərə daha çevik və operativ şəkildə reaksiya veriləcəkdir.
Habil Əzənmədov Dövlət Proqramının icrası çərçivəsində dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, sahibkarlar və fermerlər arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstəyin təsərrüfatların inkişafı üçün yaradılan imkanların daha səmərəli istifadəsi ilə tamamlanmasının mühüm olduğunu bildirib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O, aqrar istehsalın artırılması ilə yanaşı, təsərrüfatların texniki və texnoloji imkanlarının gücləndirilməsinin, müasir aqrotexnologiyaların tətbiqinin, resurslardan, xüsusilə torpaq və su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.
E.Namazov müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinin, məhsuldarlığın artırılmasının, istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin və emal imkanlarının inkişaf etdirilməsinin kənd təsərrüfatının rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət etdiyini bildirib. O, fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyini qeyd edib.
Görüşdə fərdi sahibkar və fermerlərin fəaliyyətləri ilə bağlı məsələlər də müzakirə olunub. Sahibkarlar əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə və istehsal olunan məhsulların satışı ilə bağlı qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Qaldırılan məsələlər dinlənilib, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və mümkün həll yolları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların və çoxillik əkin sahələrinin səmərəli istifadəsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayonun kənd təsərrüfatı sahəsində əsas istiqamətlərindən biri olan zeytunçuluq və badamçılığın inkişafı ilə bağlı yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi və iri aqrar təsərrüfatların fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Rayonda iri aqrar sənaye komplekslərinin fəaliyyət göstərməsi də aqrar istehsalın inkişafında mühüm rol oynayır. Hazırda rayonda “Grand Agro” MMC, “Azbadam” MMC, “Xəmsə-M” ASC, “Səhliyalı” MMC, “Azərquşçuluq” MMC kimi iri təsərrüfat subyektləri fəaliyyət göstərir.
Görüşün davamında tədbir iştirakçıları kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatlara baş çəkərək görülən işlərlə yerində tanış olublar.
Sahələrə baxış zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Prezident Adminstrasiyasının sektor müdiri Habil Əzənmədov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, “Azbadam” MMC-nin rəhbəri Rövşən Cəfərov, “Xəmsə-M” ASC quşçuluq təsərrüfatının rəhbəri Mürvət Həsənli və fərdi sahibkarlarla görüş keçirilib. Görüşdə təsərrüfatlarda həyata keçirilən işlər, mövcud istehsal imkanları, torpaq və məhsul satışı ilə bağlı məsələlər, eləcə də gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Tədbir çərçivəsində Abşeron rayonunun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə edilməsi, istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkar və fermerlərin qarşılaşdıqları məsələlərin həlli, müasir texnologiyaların tətbiqinin artırılması və Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərin rayonda ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Denmedia.az