Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesində filizin çıxarılmasından son məhsulun istehsalına qədər tam istehsal zəncirinin yaradılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bu barədə 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.
Prezident qeyd edib ki, Qərb Sənaye Parkının yaradılmasında əsas məqsəd dağ-mədən sənayesinin inkişaf etdirilməsidir. Daşkəsən filiz yatağının istismarı və ətraf rayonlarda digər layihələrin həyata keçirilməsi bu sənaye parkının yaradılmasını zəruri edib.
“İlk növbədə, burada ən qısa müddətdə infrastruktur yaradılmalıdır. Bunun üçün büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsulun əldə edilməsinə qədər tam zənciri qurulmalıdır”, – deyə İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, sənaye parkında filiz hasilatı ilə yanaşı, bir neçə istehsal müəssisəsinin yaradılması planlaşdırılır.
“Zənginləşdirmə, pellet və briketləşdirilmiş dəmir istehsalı zavodları yaradılmalıdır”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev filizin daşınmasının da mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, iqtisadi səmərəliliyin təmin edilməsi üçün daşınma zamanı güzəştli tariflər tətbiq olunmalıdır.
Prezident çıxışında ekoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirərək bütün layihələrin hərtərəfli ekoloji ekspertizadan keçirilməsinin və müvafiq standartlara riayət olunmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas sərvəti yerin altında olan ehtiyatlar deyil, təbiətidir.
“Buna görə də biz xarici tərəfdaşlardan həm təbiətin qorunmasını, həm də ekoloji normaların ən yüksək standartlara uyğun olmasını tələb edirik və edəcəyik. Bu tələblərə əməl olunmadığı təqdirdə onlar cəzalandırılacaqlar”, – deyə İlham Əliyev qeyd edib.
Prezident əlavə edib ki, “AzerGold” dövlət şirkəti də bütün ekoloji standartlara riayət etməlidir.

