Hindistanın Uttar Pradeş ştatında 11 yaşlı oğlan ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə barədə NDTV məlumat yayıb.
Məlumata görə, uşaq nənəsi ilə birlikdə bir tədbirə qatılıb. O, yemək masası yaxınlığından şirniyyat götürüb və bunu bir neçə dəfə təkrarlayıb.
Bildirilir ki, ofisiant uşağın davranışına qəzəblənərək onu isti sobaya yaxınlaşdırıb. Uşaq çıxmağa çalışsa da, tarazlığını itirərək alova düşüb.
Tədbirdə olanlar dərhal müdaxilə edərək uşağı sobadan çıxarıblar. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər.
Hadisədən sonra ofisiant ərazini tərk edib, hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılır.

