Abşeron rayonunda ağır ailə faciəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, bina 26, mənzil 34-də qeydə alınıb.
İlkin məlumata görə, hadisə ərlə arvad arasında yaranan mübahisə zəminində baş verib. Belə ki, 54 yaşlı Tərlan İbrahimov mübahisə zamanı həyat yoldaşı, 48 yaşlı Günəş İbrahimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisə zamanı istifadə olunan bıçaqlardan biri kişinin özünə də dəyib.
Nəticədə Tərlan İbrahimov hadisə yerində ölüb. Ağır xəsarətlər alan Günəş İbrahimova isə təcili tibbi yardım briqadası tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-in yaydığı məlumata görə, 03 avqust 2026-cı il tarixində saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası cəlb edilib.
Briqada tərəfindən bir nəfər kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Yaralı qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.
Həkimlərin ilkin rəyinə əsasən, pasiyentə boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, eləcə də qarın divarının kontuziyası diaqnozları təyin olunub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
TƏBİB bildirir ki, müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra yaralı qadın cərrahi əməliyyata alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

