19 yaşlı Rusiya vətəndaşı Myanmada fəaliyyət göstərən fırıldaqçılıq mərkəzlərində məcburi işlədildiyini bildirərək oradan qaçıb və Taylanda keçib.
Life.ru-nun SHOT-a istinadən yaydığı məlumata görə, Taylandın sərhədyanı Mae Sai şəhərində yerli sakinlər Mariya adlı gənc qızı supermarketin yaxınlığında ağır döyülmüş vəziyyətdə tapıblar. O, təcili xəstəxanaya yerləşdirilib.
Qız polisə bildirib ki, əvvəlcə ona yaxşı iş təklif olunub. Daha sonra Rusiyadan Çinə, oradan isə Myanmaya aparılıb. Onun sözlərinə görə, burada zorakılığa məruz qalıb və məcburi işlədilib.

Polis hesab edir ki, Mariya böyük ehtimalla onlayn dələduzluqla məşğul olan “scam” mərkəzlərindən birində çalışdırılıb.
Qız qaçmağa nail olduqdan sonra çayı keçərək Tayland ərazisinə çıxıb, daha sonra avtomobillə supermarketin yaxınlığına gəlib.
Hazırda onun güclü stress keçirdiyi, qorxu içində olduğu və işlədiyi şirkətin adını açıqlamaqdan imtina etdiyi bildirilir. Mariya anası ilə əlaqə saxlamaq və Rusiyaya qayıtmaq istəyir.
Tayland polisi onu mühafizə altına alıb və hadisə ilə bağlı araşdırmaya başlayıb. Rusiyanın Taylanddakı səfirliyi də məlumatlandırılıb.

