Britaniyalı turistin “xəyalındakı tətil” adlandırdığı Tayland səfəri ağır hadisə ilə nəticələnib.
Bu barədə Mirror məlumat yayıb.
Böyük Britaniya vətəndaşı Freyzer Derbişir Banqkokdakı otel otağında huşsuz vəziyyətdə tapılıb. Hazırda o, yerli klinikalardan birində komadadır və həyatı uğrunda mübarizə aparır.
Həkimlər ona sepsis və infeksiyanın səbəb olduğu ağır ürək qapağı zədələnməsi diaqnozu qoyublar. Məlumata görə, infeksiya daha sonra beyinə də yayılıb.
Yoluxmanın mənbəyi hələ müəyyən edilməyib. İlkin ehtimala görə, infeksiya kiçik yara və ya qan soran həşərat dişləməsi nəticəsində yarana bilər.
Səfərdən əvvəl Freyzerin səhhəti ilə bağlı heç bir şikayəti olmayıb. Hazırda o, süni tənəffüs aparatına qoşulub.
Valideynləri təcili şəkildə Böyük Britaniyadan Taylanda gəlib və oğullarının yanından ayrılmırlar. Yaxınlarının sözlərinə görə, Freyzer göz qapaqlarını yüngülcə tərpədib. Bu əlamət həkimlərə onun sağalma ehtimalı ilə bağlı ehtiyatlı ümid verir.

