Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) davam edən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Rəşid oğlu Ağılarov saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub.
DTX-nin məlumatına görə, Namiq Ağılarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunur.
İstintaq materiallarına əsasən, o, BMT mandatı əsasında fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) şəxsi heyətinə qarşı silahlı pusquların təşkilində, məsafədən idarə olunan partlayıcı qurğulardan istifadədə, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinə, beynəlxalq missiyanı həyata keçirən müxtəlif ölkə vətəndaşlarına və logistika şəbəkələrinə qarşı silahlı hücumların təşkilində iştirak edib.
Məlumata görə, Ağılarov ötən illər ərzində məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif ölkələrdə fərqli adlarla gizlənib.
Bundan əlavə, onun cihad ideologiyasını və radikal dini dünyagörüşünü təbliğ etməsi ilə bağlı məlumatların olduğu bildirilir.
Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.

