Uqandada polis insanları döyərək onların çənələrini sındıran və dişlərini qıran cinayətkar qruplaşmanın səkkiz üzvünü saxlayıb. Bu barədə Uqanda Polisi məlumat yayıb.
İstintaqın məlumatına görə, qruplaşma üzvləri insanlara hücum etdikdən sonra zərərçəkənlərin müalicə üçün müraciət etdiyi stomatoloqlardan müalicə xərclərindən pay tələb ediblər. Razılaşmayan həkimləri isə yeni hücumlarla hədələdikləri bildirilir.
Araşdırmaya sosial şəbəkələrdə yayılan video səbəb olub. Görüntülərdə qrup üzvlərinin Kampala sakinlərinə hücumları ilə öyündükləri və yeni zorakılıq halları ilə hədələdikləri qeyd olunur. Saxlanılanlardan dördünün həmin video ilə birbaşa əlaqəli olduğu müəyyənləşdirilib.
Şübhəlilər Namunqone rayonundakı idman zalında saxlanılıblar. Polisin ehtimalına görə, məkan boks məşqləri adı altında qruplaşma üzvlərinin görüş yeri kimi istifadə oluna bilərdi. Bəzi şəxslərin üzərindən narkotik olduğu ehtimal edilən maddələr də götürülüb.
Saxlanılanların soyğunçuluq, oğurluq, evlərə qanunsuz daxilolma və silahların qanunsuz saxlanılması kimi digər cinayətlərdə mümkün iştirakı da araşdırılır. Polis qruplaşmanın digər üzvlərinin və ehtimal olunan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində işi davam etdirir.

