Böyük Britaniyada heyvanlara qarşı qəddar rəftarla mübarizə çərçivəsində xərçəngkimilərin, o cümlədən lobsterləri qaynar suda diri-diri bişirilməsi qadağan ediləcək. Bu barədə Böyük Britaniyanın Ətraf Mühitin Mühafizəsi, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin dərc etdiyi strategiyada qeyd olunur. Məlumatı “The Guardian” yayıb, DenMedia.az xəbər verir.
Sənəddə bildirilir ki, diri xərçəngkimilərin qaynadılması “qəbul edilən öldürmə üsulu” sayılmır. Qeyd olunur ki, 2022-ci ildə Konservativlər hökuməti dövründə qəbul edilən qanuna əsasən, onurğasızlar — o cümlədən ahtapotlar, xərçənglər və lobsterlər— şüura malikdir və digər heyvanlar kimi ağrı hiss edirlər.
Vurğulanır ki, bu cür bişirmə praktikası artıq İsveçrə, Norveç və Yeni Zelandiyada qadağandır. Heyvanların müdafiəsi ilə məşğul olan xeyriyyə təşkilatları bildirirlər ki, daha humanist üsullar arasında lobsterlərin elektrik cihazı ilə keyidilməsi və ya qaynadılmadan əvvəl soyuq hava və ya buzla şoklanması var.
Bununla belə, Böyük Britaniyada “Reform UK” hərəkatının lideri Naycel Faraj bu addımı “avtoritar və manyakal nəzarət” adlandırıb.
“Eyni məntiqlə kənd yerlərində itlərin gəzdirməsini də qadağan etmək olar, çünki onlar dovşanların, maralların və tülkülərin dalınca qaçırlar”, — deyə Faraj bildirib.

