ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) meyvə və tərəvəzlərlə bağlı ən əhatəli təhlillərdən birini aparıb.
Araşdırmanın qalibi brokkoli olub. O, qida dəyəri şkalası üzrə 100 bal toplayıb. Müqayisə üçün qeyd olunur ki, meyvələr arasında lider seçilən pomidor cəmi 20,37 bal əldə edib.
Infobae portalının ekspertləri brokkolinin bu qədər yüksək qiymətləndirilməsinin səbəblərini izah ediblər.
CDC-nin məlumatına görə, brokkoli bir neçə göstərici üzrə üstünlük təşkil edir. O, K, C və A vitaminləri ilə zəngindir, antioksidantlar və fitokimyəvi maddələr — o cümlədən qlükozinolatlar — ehtiva edir, həmçinin 100 qramında cəmi 25–40 kilokalori var. Bu vitaminlər gündəlik tələbatın 6 faizindən 106 faizinə qədərini ödəyə bilir. Brokkolidə ən az A vitamini, ən çox isə sümüklər və qan yaranması üçün vacib sayılan K vitamini mövcuddur.
Bundan əlavə, brokkoli tərkibindəki lif sayəsində həzmi tənzimləyir, antioksidantlar hesabına iltihabı azaldır və folatlar vasitəsilə DNT-nin yenilənməsində iştirak edir.
Mütəxəssislər brokkolinin həftədə 3–4 dəfə rasiona daxil edilməsini tövsiyə ediblər. Qida maddələrinin maksimum saxlanılması üçün ən uyğun bişirmə üsulları buxarda bişirmə, qısa müddətli qızartma, həmçinin salatlara, şorbalara və qarnirlərə əlavə edilməsidir. Brokkoli alma, sitrus meyvələri, qoz və yumşaq pendirlərlə yaxşı uyğunlaşır və bu kombinasiyalar qida maddələrinin mənimsənilməsini artırır.
Eyni zamanda, antikoaqulyant qəbul edən şəxslərə rasionda K vitamininin sabit səviyyəsini qorumaq və onun mənbələrindən həddən artıq istifadə etməmək tövsiyə olunur. Gül kələmi və Brüssel kələmi kimi digər xaççiçəklilər də oxşar faydalara malikdir, lakin brokkolidən geri qalır.

