Stenford Universitetinin alimləri allergiyanın müalicəsinə yanaşmanı dəyişə biləcək mühüm kəşf ediblər. Araşdırma göstərib ki, insan orqanizmi bəzi qidalara niyə allergiya vermir, digərlərində isə kəskin reaksiya yaranır. Nəticələr Stanford Report-da dərc olunub.

Tədqiqatın mahiyyəti
Alimlər təcrübəni siçanlar üzərində aparıblar. Onlara soya, qarğıdalı və buğda verilib və immun sisteminin reaksiyası izlənilib.
Bu məhsulların tərkibində allergiya yarada bilən xüsusi zülallar var. Araşdırma göstərib ki, immun sistemi bu zülalları yalnız təhlükə kimi deyil, həm də təhlükəsiz siqnal kimi tanıya bilir.

Qida tolerantlığı mexanizmi belə işləyir:
- Qida bağırsağa daxil olur
- Tənzimləyici T-hüceyrələr zülalları analiz edir
- “Təhlükəsiz” markerlər aşkar olunarsa, xüsusi hüceyrələr iltihab reaksiyasını dayandırır
- İmmun sistemi həmin qidanı təhlükəsiz kimi yadda saxlayır
Bu niyə vacibdir
Uzun müddət hesab olunurdu ki, qida tolerantlığı sadəcə immun sisteminin reaksiyasız qalmasıdır. Lakin məlum olub ki, orqanizm daxil olan hər qidanı aktiv şəkildə analiz edir və qərar verir.
“Allergiya zamanı immun sisteminin necə davrandığını yaxşı bilirik, amma hər şey normal gedəndə nə baş verdiyini az anlayırıq. İndi isə bilirik ki, tolerantlıq aktiv və adaptiv prosesdir. Bağırsaqdakı hüceyrələr qidanı analiz edir və təhlükəsiz olduğunu bildirir”, – deyə Stenford Universitetinin dosenti Elizabet Satteli izah edib.
Tibbdə əhəmiyyəti
Alimlərin fikrincə, bu nəticələr qida allergiyalarının profilaktikası və müalicəsində inqilabi dəyişikliklərə yol aça bilər və gələcəkdə tamamilə yeni terapiya üsullarının yaranmasına səbəb ola bilər.

