Kahramanmaraş mərkəzli zəlzələlərdə evini itirən 51 yaşlı Semra Özbay və 25 yaşlı oğlu Barış Özbay Hatayın Defne rayonunda həyat mübarizəsini davam etdirir. Ailə zəlzələdə həm evini, həm də yaxınlarını itirib və üç ildir çətin şəraitdə yaşayır.

Məlumata görə, Barış Özbay zəlzələdən sonra həyat həvəsini itirərək universiteti yarımçıq qoyub və tamamilə virtual dünyaya qapanıb. O, günlərini kompüter və telefon qarşısında keçirərək sosial həyatdan uzaqlaşıb.

Bildirilir ki, gənc şəxsi qayğısına belə diqqət etməyib, duş almır, gündəlik gigiyena vərdişlərini yerinə yetirmirdi.

Dövlət qurumlarının müdaxiləsi ilə Barışın həyatında dəyişiklik üçün ilk addımlar atılıb. Təxminən 3 ildən sonra o, ilk dəfə duş alıb, saç-saqqalını qaydaya salıb və evdən çıxmağa başlayıb. Bu dəyişiklik anası Semra Özbay üçün böyük sevincə səbəb olub.

Son dövrlərdə Barış nadir hallarda da olsa evdən çıxmağa başlayıb. O, bir neçə ay əvvəl nişanlanan dostunun mərasiminə qatılıb və çətinliklə də olsa rəqs edib.
Daha sonra xeyriyyəçi Çilem Artan və dostları Barış üçün sürpriz doğum günü təşkil ediblər. Gənc 25 yaşını evində qeyd edib və saz müşayiəti ilə oxunan mahnıya qoşulub.

“Gün ərzində oyanıram, kompüter qarşısına keçirəm və axşama qədər oyun oynayıram. Çölə çıxmağa ehtiyac yoxdur”
Barış bildirib ki, doğum günündən xüsusi hiss keçirməyib və diqqət mərkəzində olmağı sevmir.

Digər tərəfdən, Çilem Artan Barışın üzündə təbəssüm görməyin onlar üçün sevindirici olduğunu vurğulayıb:
“Yaxşı ki doğulmusan Barış, yaxşı ki varsan və hər zaman yanındayıq”

