Britaniya kral ailəsində qalmaqalların ardı-arası kəsilmir. Şahzadə Harry və Meghan Markle ilə bağlı uzun müddətdir davam edən gərginliklər səngiməmiş, bu dəfə diqqət ailənin digər üzvlərinə yönəlib. Xüsusilə, Kraliça II Elizabeth-in oğlu və Kral Charles-ın qardaşı olan Prince Andrew ətrafında baş verən hadisələrin kölgəsində yeni mübahisə formalaşır.

Məlumata görə, gələcəkdə taxta çıxacağı gözlənilən Prince William monarxiyanı daha “sadələşdirilmiş” modelə keçirməyi planlaşdırır. Bu dəyişikliklər isə yalnız struktur xarakterli deyil, həm də konkret şəxslərin statusuna təsir edə bilər. İddialara əsasən, Princess Beatrice və Princess Eugenie bu planların əsas hədəflərindən biri kimi görünür. Saray mənbələri bildirir ki, William kral olduqdan sonra onların rəsmi rollarını məhdudlaşdıra, titullarını zəiflədə və hətta kral iqamətgahlarına çıxışlarını azalda bilər.

Artan təzyiq fonunda iki şahzadənin artıq hüquqi addımlar barədə düşündüyü qeyd olunur. Onların vəkil tutmağa hazırlaşdığı iddia edilir. Bu qərarın arxasında isə yalnız status və ya imtiyaz məsələsi deyil, daha dərin səbəblər dayanır. Çünki kral ailəsinə bağlılıq onlar üçün sadəcə rəsmi titul deyil, həm də kimlik və mənsubiyyət hissidir.
Son aylarda baş verən hadisələr də gərginliyi artırıb. Beatrice və Eugenie-nin kral ailəsinin ənənəvi iştirak etdiyi Royal Ascot tədbirindən kənarda qalması, eləcə də onların “rəsmi vəzifəsi olmayan üzvlər” kimi daim diqqət altında saxlanılması vəziyyəti daha da mürəkkəbləşdirib. Paralel olaraq saray daxilində əsas müzakirə mövzularından biri də milyardlarla dəyəri olan kral mülklərinin kimlər tərəfindən istifadə olunacağıdır. Bu mülklər arasında iki şahzadənin yaşadığı iqamətgahlar da yer alır.

Mənbələrin sözlərinə görə, bacılar valideynləri ilə bağlı qalmaqallar zamanı krallığa sadiq və ehtiyatlı davranıblar və indi öz nəzarətlərindən kənar səbəblərə görə kənarlaşdırılma ehtimalını qəbul etmək istəmirlər. Onlar ailədaxili qarşıdurmanın dərinləşməsini arzulamasalar da, gələcəklərini qorumaq üçün hüquqi yola əl atmaqdan çəkinməyəcəklər.

Saray daxilində isə artıq bu məsələnin ictimai rezonansı və mümkün nəticələri müzakirə olunur. Əgər Prince William planlaşdırdığı sərt addımları həyata keçirsə, bu, Britaniya monarxiyasında uzun illər yadda qalacaq ciddi dönüş nöqtəsinə çevrilə bilər.

