Türkiyənin cənub-şərqində, Dəclə çayı vadisində arxeoloqlar su altında təxminən 2400 illik qədim şəhər aşkar ediblər. Söhbət hazırda Dicle Dam gölünün suları altında qalan yaşayış məntəqəsindən gedir.
Bu barədə Indian Defence Review məlumat yayıb.
Dəclə Universitetinin araşdırmasına əsasən, suyun altında şəhərin bütöv məhəllələrini müəyyən etmək mümkün olub. Burada qəbir kompleksləri, məscid və mədrəsə kimi tikililər aşkar edilib. Əksər qurğular demək olar ki, zədələnmədən qorunub.
Mütəxəssislər bildirirlər ki, məhz uzun müddət insan müdaxiləsi olmadan su altında qalması bu tikililərin yaxşı vəziyyətdə saxlanmasına səbəb olub. Gölün sakit mühiti ərazini faktiki olaraq “zaman kapsulu”na çevirib.
Araşdırmaçı İrfan Yıldız qeyd edib ki, sualtı görüntülər və su səviyyəsinin vaxtaşırı azalması bu tikililəri qismən müşahidə etməyə imkan verir. Onun sözlərinə görə, tikililər bütövlüyünü qoruyur və möhkəm vəziyyətdədir.

Qeyd olunur ki, şəhərin yerləşdiyi Eğil rayonu tarix boyu müxtəlif sivilizasiyaların məskəni olub — xetlərdən tutmuş Osmanlı imperiyasına qədər.
“Bu ərazi əsrlər boyu müxtəlif sivilizasiyalar tərəfindən formalaşdırılıb. Hər bir imperiya öz izini qoyaraq bugünkü tarixi qatları yaradıb,” — deyə məqalədə vurğulanır.
Eyni zamanda, alimlər abidə üçün müəyyən risklərin də mövcud olduğunu bildirirlər. Su səviyyəsinin dəyişməsi, lil yığılması və təbii eroziya zamanla şəhərin qalıqlarına zərər verə bilər. Buna görə də daha genişmiqyaslı sualtı arxeoloji tədqiqatların aparılması vacib sayılır.

