İlk baxışda ailədə bir daraqdan istifadə etmək zərərsiz vərdiş kimi görünə bilər. Lakin tibbi baxımdan bu, təhlükəsiz seçim deyil. Bu barədə “SM-Kosmetologiya” klinikasının trixoloqu Yeseniya Qudova “Gazeta.ru”ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, hər bir insanın baş dərisində özünəməxsus mikroflora — bakteriya və göbələklərin balansı mövcuddur və normal halda bu, problem yaratmır. Lakin daraq bir neçə nəfər tərəfindən istifadə edildikdə mikroorqanizmlərin mübadiləsi baş verir və bu da dəridə qıcıqlanma və ya iltihaba səbəb ola bilər.
“Daraq bir nəfərin mikroflorasını ‘yığır’, amma ortaq istifadə zamanı bu mikroorqanizmlər başqasına ötürülür.”
Xüsusilə diqqət yetirilməli məqamlardan biri də göbələk infeksiyalarının yayılma riskidir. Mütəxəssis qeyd edir ki, bu cür törədicilər şəxsi gigiyena əşyalarında qala və təmas yolu ilə ötürülə bilər. Nəticədə qaşınma, qabıqlanma, saç tökülməsi ocaqları və iltihab yarana bilər.
Bundan əlavə, daraq vasitəsilə parazitar xəstəliklər — məsələn, pedikulyoz da yayıla bilər. Hətta ailə üzvlərindən birində açıq simptomlar olmasa belə, xüsusilə uşaqlar arasında yoluxma riski qalır.
Həkim vurğulayır ki, daraqlama zamanı baş dərisində görünməyən mikrotravmalar yaranır və daraqda bakteriyalar olduqda bu zədələrə düşərək iltihabi proseslərə, o cümlədən follikulitə səbəb ola bilər.

Qudovanın sözlərinə görə, darağı mütəmadi təmizləmək vacib olsa da, mikroorqanizmləri tam aradan qaldırmaq həmişə mümkün olmur. Dəri yağı, ölü hüceyrələr və rütubət onların yaşaması üçün əlverişli mühit yaradır.
“Hər kəsin öz darağı olmalıdır — eynilə dəsmal və diş fırçası kimi.”
Mütəxəssis əlavə edir ki, darağa düzgün qulluq etmək də vacibdir: onu mütəmadi saçlardan təmizləmək, yumşaq vasitələrlə yumaq və vaxtaşırı yenisi ilə əvəz etmək lazımdır. Əks halda, hətta şəxsi daraq belə bakteriya mənbəyinə çevrilə bilər.

