Həkimlər onilliklər boyu uzunmüddətli və məqsədyönlü kalori məhdudlaşdırılmasının orqanizmi səssiz şəkildə zəiflədə biləcəyindən, onu həyati vacib vitamin və minerallardan məhrum edə biləcəyindən ehtiyat edirdilər. Lakin insanlar üzərində aparılmış ən uzunmüddətli sınaqlardan birinin yeni nəticələri bu narahatlıqları tamamilə aradan qaldırıb: məlum olub ki, kalori məhdudiyyəti qidalanmanı kasadlaşdırmır, əksinə, onu daha keyfiyyətli edir.
Bu genişmiqyaslı tibbi təcrübənin nəticələri barədə Earth.com yazır.
CALERIE 2 eksperimenti: daha az kalori, daha çox fayda
Kalorinin məhdudlaşdırılmasının qurdlar, milçəklər, siçanlar və meymunlarda qocalmanı yavaşlatdığı elmə çoxdan məlum idi. Lakin bunun insanlar üçün də işləyib-işləmədiyi uzun müddət sual olaraq qalırdı. Çünki tədqiqatçılar könüllüləri qida çatışmazlığı vəziyyətinə salmaqdan ehtiyat edirdilər.
Məhz bu narahatlıq Arizona Dövlət Universitetindən Susan B. Rasettin rəhbərlik etdiyi CALERIE 2 adlı tədqiqatın dizaynının əsasını təşkil edib.

Eksperiment ABŞ-ın üç müxtəlif mərkəzində iki il davam edib. Tədqiqatda artıq çəki problemi olmayan 218 sağlam yetkin insan iştirak edib. Onların əksəriyyəti 40 yaşdan aşağı idi, iştirakçıların təxminən 70 faizini isə qadınlar təşkil edirdi.
İştirakçılar qarşısında iddialı məqsəd qoyulmuşdu: gündəlik kalori qəbulunu 25 faiz azaltmaq. Qrup üzrə orta nəticə cəmi təxminən 12 faiz olsa da, sonrakı təhlillər göstərib ki, hətta bu qədər mülayim azalma belə orqanizmin bioloji qocalma tempini yavaşlatmaq üçün kifayət edib.

