Özünü real yaşından daha yaşlı hiss edən insanlarda yuxu problemlərinə daha çox rast gəlinir.
Bu qənaətə ABŞ-ın Milli Yuxu Fondunun tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri SLEEP 2026 illik konfransında təqdim olunub.
Alimlər 3177 yetkin könüllünün məlumatlarını təhlil ediblər. İştirakçılardan özlərini neçə yaşında hiss etdikləri soruşulub. Daha sonra bu cavablar onların yuxu keyfiyyəti, yuxu rejiminin müntəzəmliyi, yuxusuzluq əlamətləri və gündüz vaxtı özlərini necə hiss etmələri ilə müqayisə edilib.
Nəticədə məlum olub ki, özünü yaşından daha böyük hiss edən insanlar yuxusuzluqdan, nizamsız yuxu rejimindən və gün ərzində ümumi halsızlıqdan daha çox şikayət edirlər.

Bu əlaqə real yaş, cins, təşviş və depressiya kimi amillər nəzərə alındıqdan sonra da qorunub. Bundan əlavə, yuxu pozuntularının insanların öz fiziki sağlamlıqlarını daha aşağı qiymətləndirməsində qismən rol oynadığı müəyyən edilib.
Tədqiqat müəlliflərinin fikrincə, nəticələr göstərir ki, insanın özünü vaxtından əvvəl qocalmış kimi hiss etməsi yuxunun keyfiyyəti ilə sıx bağlı ola bilər.
Alimlər hesab edirlər ki, gecə istirahətinin rejimini və keyfiyyətini yaxşılaşdırmaq yalnız sağlamlığa müsbət təsir göstərmir, həm də insanların özlərini daha gənc və enerjili hiss etmələrinə kömək edə bilər.

