Daimi stress və yığılan yorğunluq gündəlik həyatda unutqanlığın yaranmasının əsas səbəblərindəndir.
Denmedia.az xəbər verir ki, bunu TASS-a neyropsixologiya üzrə mütəxəssis, Moskva Psixoanaliz İnstitutunun müəllimi Viktoriya Şimanskaya bildirib.
Mütəxəssisin sözlərinə görə, xroniki stress və ya emosional tükənmə zamanı beyin yeni məlumatları mənimsəməkdə çətinlik çəkir. Davamlı gərginlik şəraitində sinir sisteminin həddindən artıq yüklənməsi və orqanizmin öz resurslarına qənaət etməyə çalışması yaddaşın zəifləməsinə səbəb olur.

Şimanskaya qeyd edib ki, yorğunluq da üzvi səbəblər kimi koqnitiv funksiyalara mənfi təsir göstərə bilər. Belə ki, aparılan təcrübə zamanı bir gecə yatmayan iştirakçıların beynində yaddaşın formalaşmasına və öyrənməyə cavabdeh olan hipokampın aktivliyi azalıb. Nəticədə onlar əvvəllər gördüklərini tanımaqda çətinlik çəkiblər.
Ekspert unutqanlıqla yanaşı, narahatlıq, əsəbilik və söhbət zamanı diqqətin yayınması kimi əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, kifayət qədər istirahətə baxmayaraq, bu əlamətlər bir neçə həftədən artıq davam edərsə, həkimə müraciət etmək lazımdır.

