Fruktoza piylənmə və maddələr mübadiləsi pozğunluqlarının inkişafında indiyədək düşünüldüyündən daha mühüm rol oynaya bilər. Bu qənaətə Nature Metabolism jurnalında dərc olunan icmalın müəllifləri gəliblər.
Alimlər geniş istifadə edilən şirinləşdiricilər — süfrə şəkəri və yüksək fruktozalı qarğıdalı siropu ilə bağlı məlumatları təhlil ediblər. Hər iki məhsulun tərkibində qlükoza və fruktoza olsa da, tədqiqatçıların sözlərinə görə, məhz fruktoza orqanizmdə yağ yığılmasını və triqliseridlərin sintezini aktivləşdirən prosesləri işə salır.

Müəlliflər qeyd edirlər ki, fruktoza yalnız kalori mənbəyi kimi deyil, həm də xüsusi metabolik siqnal kimi təsir göstərir. Qida bolluğu şəraitində onun davamlı qəbulu metabolik sindrom, piylənmə və qaraciyərin piylənməsi riskini artıra bilər.
Bundan əlavə, fruktozanın həddindən artıq qəbulunun demensiya və bəzi xərçəng növləri ilə mümkün əlaqəsinə dair məlumatlar da ortaya çıxır.
Tədqiqatçılar vurğulayırlar ki, orqanizmdə qlükozadan fruktoza yaranmasını təmin edən daxili mexanizm də mövcuddur. Onların fikrincə, bu, fruktozanın maddələr mübadiləsinə təsirini daha da mürəkkəbləşdirir və şirin məhsulların xroniki xəstəliklərin inkişafındakı rolunun daha dərindən araşdırılmasını zəruri edir.

