Mütəmadi olaraq düzgün qidalanmamaq depressiv vəziyyətin yaranmasına təsir göstərə bilər. Bu barədə NEWS.ru-ya nutrisoloq, aktiv uzunömürlülük üzrə ekspert Yelena Jelyanina bildirib.
Onun sözlərinə görə, bağırsaq mikroflorasının tərkibinin pozulması sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.

“Bir neçə gün düzgün qidalanmadıqdan sonra əsəbilik, narahatlıq və enerji azalması yarana bilər. Məsələ ondadır ki, bağırsaqla beyin arasında daim siqnal mübadiləsi gedir. Bu prosesdə azan sinir, immun sistemi, hormonlar və bağırsaq mikrobiotasının metabolitləri iştirak edir”, – ekspert deyib.
Jelyanina qeyd edib ki, mikrofloranın tərkibi pozulduqda bağırsaq keçiriciliyi arta, iltihabi proseslər güclənə və sinir sisteminə təsir edən bəzi maddələrin istehsalı dəyişə bilər. Onun sözlərinə görə, bütün bunlar depressiv vəziyyət riskinin yüksəlməsi ilə əlaqəli ola bilər.

Ekspert sağlam mikrobiotanın qorunması üçün liflə zəngin və müxtəlif bitki mənşəli qidalar, fermentləşdirilmiş məhsullar, normal yuxu, müntəzəm fiziki aktivlik və xroniki stressin azaldılmasını tövsiyə edib.
Bununla belə, o vurğulayıb ki, depressiya əlamətləri uzun müddət davam edərsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

