Böyük Britaniyada əvvəlcə adi tülkü müqəvvası hesab edilən eksponatın nəsli kəsilmiş Tasmaniya pələnginə aid olduğu müəyyənləşib və o, hərracda 50 min funt sterlinqə (116 min manat) satılıb.
Bristolda yerləşən hərrac evinin məlumatına görə, eksponatın sahibi onu yarmarkadan cəmi 50 funta alıb. Onun diqqətini müqəvvanın əyləncəli görünən “düymə gözləri” çəkib.
“Bu, inanılmaz dərəcədə nadir tapıntıdır. Hətta kəllə və ya sümük surətləri minlərlə funta satılır. Belə tam nümunəni, xüsusilə burada – Böyük Britaniyada tapmaq demək olar ki, mümkün deyil”, – hərracçı Endryu Stou bildirib.

Satıcı qədim eksponatı ilin əvvəlində İngiltərənin qərbində alıb. Yayda isə onun tülkü olduğuna əmin olaraq yenidən satmaq qərarına gəlib.
Lakin taksidermiya mütəxəssislərinin araşdırması gözlənilməz nəticə verib: “tülkü” əslində tilasin – Tasmaniya pələngi və ya kisəli canavar kimi tanınan nadir yırtıcı kisəli heyvanın müqəvvası imiş.
Bu növün məlum olan sonuncu nümayəndəsi 1936-cı ildə zooparkda ölüb.

Komissiyalar da nəzərə alındıqda satışın ümumi məbləği 60 min funt sterlinqi keçib. Məbləği eşidən satıcının şokdan az qala huşunu itirdiyi, hərracçının özünə gəlməsi üçün ona stul təklif etdiyi bildirilir.
Alimlər bu cür eksponatları “Müqəddəs Qraal” adlandırırlar. Çünki elmi muzeylərdən kənarda Tasmaniya pələnginin bütöv müqəvvalarına demək olar ki, rast gəlinmir.

