Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin köçürülməsi davam etdirilir.
Növbəti mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca və Təzəbinə, Ağdərə rayonunun isə Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə ailələr köçürülür.
Köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Hazırkı mərhələdə Kərkicahana 8 ailə – 36 nəfər, Badaraya 5 ailə – 13 nəfər, Xanyurduna 4 ailə – 10 nəfər, Xanabada 8 ailə – 31 nəfər, Ballıcaya 3 ailə – 8 nəfər, Təzəbinəyə isə 14 ailə – 71 nəfər köçürülür.
Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə – 36 nəfər, Həsənrizə 6 ailə – 30 nəfər, Aşağı Oratağa 12 ailə – 49 nəfər, Çapara isə 15 ailə – 51 nəfər qayıdır.
Beləliklə, hazırkı mərhələdə 10 yaşayış məntəqəsinə ümumilikdə 87 ailənin – 335 nəfərin köçürülməsi həyata keçirilir.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət dəstəyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sakinlər, həmçinin torpaqların işğaldan azad edilməsində iştirak edən Azərbaycan Ordusuna, hərbçilərə və zabitlərə təşəkkür edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.





